×
A
A
A
Sazlamalar

Zığ-Hövsan yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşır VİDEO

Bakı, 6 sentyabr, AZƏRTAC

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yolun uzunluğu 6,8 kilometr, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi istiqamətində 2, Hövsan qəsəbəsi istiqamətində isə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol çiyinlərinin eni 3 metrdir.
Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 metr uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 kilometr uzunluğunda beton küvetlərin tikintisi aparılıb.
Yolun Hövsan qəsəbəsi istiqaməti üzrə nəzərdə tutulan işlər artıq yekunlaşıb. Adıçəkilən hissədə yola 4 qat və 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi icra olunub, yolayrıcı zolaqlarda və zəruri yerlərdə 2500 poqonometr yeni səki daşları düzülüb, işıq dirəkləri quraşdırılıb.
Hazırda yolun Zığ qəsəbəsi istiqamətində son mərhələdə olmaqla asfaltlanma işləri davam edir.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə 3 yerdə, yolun 1,8, 2,2 və 4,4-cü kilometrlik hissələrində yerüstü piyada keçidlərinin inşası və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri aparılır.
Son mərhələdə siqnal dirəklərinin, nişanların quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə cari ilin sonunadək vətəndaşların istifadəsinə veriləcək.

Tikinti̇ 2022-09-06 16:08:00

Video