×
A
A
A
Sazlamalar

Yüksək Texnologiyalar Parkı Kapadokiya Texnoparkı ilə əməkdaşlıq çərçivəsində inkubasiya proqramı hazırlayacaq

Bakı, 6 sentyabr, AZƏRTAC

Yüksək Texnologiyalar Parkı (YTP) ilə Kapadokiya Texnoparkı arasında imzalanmış sənəd çərçivəsində həyata keçirilən əməkdaşlığın ilkin mərhələsi olaraq unikal ixrac yönümlü inkubasiya proqramının ilk hazırlıq məsləhətləşməsi keçirilib.
Bu barədə AZƏRTAC-a YTP-dən məlumat verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası kontekstində sözügedən inkubasiya proqramının aktuallığı xüsusi önəm kəsb edir.
Proqramın məqsədi Azərbaycanın regionlarında yerli məzmun və ehtiyaclara cavab verən innovativ mühiti formalaşdırmaq, region universitetlərinin iştirakı ilə - elmi tədqiqatçı, startapçı, investor və sənayeçilər arasında – innovasiya mühitini dəstəkləyən əməkdaşlığı qurmaq və yeni startaplar ərsəyə gətirmək, universitet-sənaye əməkdaşlığını formalaşdırmaq və onun özü-özünü tənzimləyən formada inkişafına nail olmaq, ərsəyə gətirilmiş yeni startapların Türkiyə və digər bazarlara çıxarılmasına dəstək verməkdir.
Proqram çərçivəsində təlim və mentorluq, müzakirə, panel, konfrans, müsabiqə, inkubasiya xidmətləri və digər metodologiyalardan istifadə edilməsi nəzərdə tutulur.

Texnologiya 2022-09-06 15:23:00