“TEKNOFEST-2022 Qara Dəniz” ümumilikdə 1 milyon 250 min nəfərə ev sahibliyi edib
Ankara, 5 sentyabr, AZƏRTAC
Türkiyə Respublikasının Samsun şəhərində keçirilən Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) uğurla başa çatıb. Festival çərçivəsində təşkil olunan yarışlarda 107 ölkədən 150 min komanda iştirak edib.
AZƏRTAC xəbər verir ki, avqustun 30-da start götürüb altı gün davam edən festivalda Azərbaycan geniş tərkibdə və fəal iştirak edib. Ölkəmizi təmsil edən komandaların fəallığı, təqdim olunan nadir layihələr, o cümlədən Azərbaycan bölmələri böyük maraqla qarşılanıb.
TEKNOFEST estafetinin Azərbaycandan yenidən Türkiyəyə keçməsi, ilk növbədə, iki qardaş ölkənin texnologiya elmləri sahəsindəki qüdrətini nümayiş etdirib. “TEKNOFEST-2022 Qara Dəniz”in final mərhələsinin açılış mərasimində çıxış edən “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın söylədiyi “Qardaş Azərbaycandan, işğaldan azad edilən azad Şuşadan salam gətirmişəm!” ifadəsi Festivalda əks-səda verib.
Rəsmi məlumata görə, “TEKNOFEST-2022 Qara Dəniz” ümumilikdə 1 milyon 250 min insana ev sahibliyi edib ki, onların da təxminən 900 mini ziyarətçi olub.
Xatırladaq ki, 2018-ci ildən başlayaraq hər il keçirilən festival bu il ilk dəfə Türkiyə hüdudlarından kənarda Azərbaycanda baş tutub. Növbəti TEKNOFEST-ə Pakistan və ya İndoneziyanın ev sahibliyi edəcəyi gözlənilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi
“Baktelecom” 1 Gbit/s internet sürət testlərini uğurla başa çatdırıb
Rəqəmsallaşma ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır
® İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir