×
A
A
A
Sazlamalar

İrina Zaretska Karate1 Premyer Liqa turnirində qızıl medal qazanıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan milli komandasının üzvü İrina Zaretska Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 68 kiloqram çəki dərəcəsində çıxış edən “Tokio-2020”nin gümüş mükafatçısı həlledici görüşdə İtaliya təmsilçisi Silviya Semeraro ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə İ.Zaretska rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl idmançılarımızdan Əminağa Quliyev (60 kiloqram) qızıl, Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) bürünc medal əldə ediblər.
Bu gün karateçimiz Asiman Qurbanlı (+84 kiloqram) finalda Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

 

İdman 2022-09-04 17:23:00