×
A
A
A
Sazlamalar

Karateçimiz Əminağa Quliyev Bakıda Premyer Liqa turnirinin qalibi olub

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan idmançısı Əminağa Quliyev Bakıda keçirilən Karate1 Premyer Liqa turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz finalda misirli Karim Abueita ilə qarşılaşıb. Rəqibinə qalib gələn Ə.Quliyev Karate1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb.
Daha əvvəl 3 idmançımız - Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal əldə ediblər.
Bu gün karateçilərimizdən İrina Zaretska (68 kq) finalda İtaliya idmançısı Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

İdman 2022-09-04 17:02:00