×
A
A
A
Sazlamalar

Azərbaycan karateçiləri Bakıda keçirilən Premyer Liqa turnirində daha iki bürünc medal qazanıblar

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan təmsilçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində daha iki medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, turnirdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Turqut Həsənov üçüncü yer uğrunda görüşdə iranlı Zabiola Purşabı məğlub edib. Digər təmsilçimiz Murad Hacızadənin (+84 kq) rəqibi Gürcüstan idmançısı Qoqita Arkaniya zədəli olduğu üçün görüşə çıxmayıb və karateçimiz bürünc medal əldə edib.
Daha əvvəl millimizin üzvü Tural Ağalarzadə (67 kq) yarışı üçüncü pillədə başa vurmuşdu.
Yığmamızın 3 üzvü bu gün qızıl medal uğrunda yarışacaq. Belə ki, Əminağa Quliyev (60 kq) misirli Karim Abueita, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

İdman 2022-09-04 15:00:00