×
A
A
A
Sazlamalar

Bakıda Karate1 Premyer Liqa turniri sona yaxınlaşır

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakıda Karate1 Premyer Liqa turniri sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə medallar uğrunda görüşlər keçiriləcək. Milli komandamızın 3 üzvü qızıl medal uğrunda yarışacaq. Belə ki, Əminağa Quliyev (60 kq) misirli Karim Abueita, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Daha 3 idmançımız bürünc medal uğrunda görüşə çıxacaq. Üçüncü yer uğrunda görüşdə Tural Ağalarzadə (67 kq) yaponiyalı Hiroki Nakano, Turqut Həsənov (84 kq) iranlı Zabiola Purşab, Murad Hacızadə (+84 kq) isə Gürcüstan idmançısı Qoqita Arkaniya ilə üz-üzə gələcək.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

İdman 2022-09-04 11:10:00