×
A
A
A
Sazlamalar

Şəkidə 2 kənddə qəsdən yanğın törədən şəxs saxlanılıb

Bakı, 3 sentyabr, AZƏRTAC
Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir evin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin, eləcə də iki tövlənin yanması barədə Şəhər–Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb olunub, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Baş vermiş hadisə zamanı ev sahibləri olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1400 ot bağlaması yanıb.
İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.
Hazırda faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2022-09-03 19:21:00