×
A
A
A
Sazlamalar

FHN Şabran rayonundakı meşə yanğınının səbəbini müəyyən edib VİDEO

Bakı, 3 sentyabr, AZƏRTAC

Avqustun 30-da Şabran rayonunun Çuxurəzəmi kəndi istiqamətində meşə ərazisində yanğın baş verib. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğın söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının dərhal hadisə yerində apardıqları araşdırma nəticəsində hadisənin ilkin başvermə ərazisi müəyyənləşdirilib. Mənbə ərazisində aparılmış ilkin təhqiqat zamanı məlum olub ki, yanğın məhz insan amili ilə bağlı səhlənkarlıq, ehtiyatsızlıq səbəbindən baş verib. Yanğın baş verən gün saat 12:00 radələrində Şabran rayonunun Çuxurəzəmi kəndinin hələlik adları məlum olmayan sakinləri təbii bal yığmaq üçün meşə ərazisinə daxil olublar. Bal arılarının yerini öyrənmək, əlavə arı kütləsini əraziyə cəlb etmək məqsədilə mum yandırılıb. Sonra təbii bal olan ağac müəyyənləşdirilərək yanında ocaq qalanıb ki, tüstü arıları qovsun və balı rahat yığa bilsinlər.
Lakin böyük ehtimalla bal yığıldıqdan sonra ocaq söndürülməyib və yanğına səbəb olub. Yanğın meşəbəyi tərəfindən aşkarlanıb məlumat verilənə kimi xeyli vaxt keçib və nəticədə yanğın 3 hektara qədər əraziyə yayılıb. Yanğınsöndürənlər avqustun 31-də saat 11:40 radələrində alovu söndürməyə nail olublar.
Hazırda göstərilən hadisə ilə əlaqədar günahkar şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2022-09-03 15:11:00

Video