×
A
A
A
Sazlamalar

Karate1 Premyer Liqa: Azərbaycan təmsilçiləri Turqut Həsənov və İrina Zaretska dörddəbir finala yüksəliblər

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan milli komandasının iki üzvü Bakıda Karate1 Premyer Liqa turnirinin dörddəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Turqut Həsənov (84 kq) və İrina Zaretska (68 kq) qrup mərhələsində uğurla çıxış edərək növbəti mərhələyə adlayıblar.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Milli komandamızın iki üzvü ötən gün medallar uğrunda mübarizə aparmaq imkanı əldə edib. Belə ki, Əminağa Quliyev (60 kq) birinci, Tural Ağalarzadə (66 kq) isə üçüncü yer uğrunda yarışacaq. Medallar uğrunda görüşlər sentyabrın 4-də keçiriləcək.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir təşkil olunur. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

 

İdman 2022-09-03 14:37:00