×
A
A
A
Sazlamalar

“Toyota Tsusho Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Energetika Nazirliyində Yaponiyanın “Toyota Tsusho Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin təşəbbüsü ilə təşkil edilən görüşün əsas məqsədi hidrogen enerjisi üzrə məlumat və təcrübə mübadiləsinin aparılması olub.
Azərbaycanda “yaşıl hidrogen” istehsalı perspektivlərindən bəhs edilərək qeyd olunub ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinə əsasən, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi əsas hədəflərdəndir. Bildirilib ki, sənədə əsasən hidrogen istehsalı, ondan istifadə potensialının öyrənilməsi, bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması nəzərdə tutulur.
Şirkət nümayəndələri tərəfindən nəqliyyat sektorunun karbonsuzlaşdırılması mövzusunda təqdimat nümayiş etdirilib. Külək, günəş və xüsusilə yaşıl hidrogen kimi bərpa olunan enerji növlərinin son illər şirkətin əsas biznes istiqamətlərindən olduğu vurğulanıb.
Görüşdə Energetika Nazirliyi və tabeli qurumların nümayəndələri iştirak edib.

Energetika 2022-09-03 10:53:00