Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsinin təmiri yekunlaşır
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir. Bu çərçivədə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri son mərhələdə olmaqla icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb.
Hazırda ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Bu istiqamətdə küçə boyu 2500 poqonometr yeni səki daşları düzülüb.
Layihə ardıcıllığına uyğun olaraq ərazidə yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.
Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə istifadəyə veriləcək.
Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19,6 kilometr təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər