×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Müzəffər Nərimanov küçəsinin təmiri yekunlaşır

Bakı, 2 sentyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Uzunluğu 1830 metr təşkil edən sözügedən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ortalama eni 17,5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kvadratmetr sahədə bərpa olunub, 4582 poqonometr yeni səki daşları düzülüb. Küçəboyu 32 yeni yağış barmaqlıqları quraşdırılıb. Ümumilikdə 33 min 222 kvadratmetr ərazidə təmir işləri aparılıb.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Küçə son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. Hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.
Xatırladaq ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Tikinti̇ 2022-09-02 12:56:00