×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə velosiped idmanının BMX növü üzrə ölkə çempionatı keçiriləcək

Bakı, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Azərbaycanda ilk dəfə velosiped idmanının BMX növü üzrə ölkə çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkil edəcəyi yarış Bakıda yerləşən Veloparkdakı BMX meydançasında baş tutacaq.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçiriləcək çempionatda bütün yaş kateqoriyalarında olan idmançılar iştirak edəcəklər. Bütün velosipedçilər qrup yarışında (1 dairə) mübarizə aparacaqlar. Qaliblər hər yaş kateqoriyasında ən yaxşı vaxta görə müəyyənləşəcək.
Yarışda ilk üç yeri tutan velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Ölkə çempionatının keçirilməsində məqsəd velosiped idmanının BMX növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarında idmançıları və idman həvəskarlarını aktiv velosiped sürməyə cəlb etmək, Azərbaycanın regionlarında əhali arasında bədən tərbiyəsi, sağlamlıq və idman fəaliyyətinin aktivləşdirilməsidir.
Qeyd edək ki, Azərbaycan çempionatına baxmaq üçün giriş pulsuzdur.

İdman 2022-09-01 14:39:00