×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda otel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb VİDEO

Bakı, 1 sentyabr, AZƏRTAC

Narkotik maddələrin satışına qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət etdiyi üçün məhkum olunmuş Əkbər Əkbərov və Məcid Dadaşov Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onların üzərinə baxış zamanı 36 ədəd psixotrop tərkibli metadon və preqabalın həbi, eləcə də külli miqdarda metamfetamin, heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik maddələri tanışları Gülnar adlı şəxsdən aldıqlarını və onun təklifi ilə paytaxt ərazisində narkokuryerlik etdiklərini bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şirvan şəhər sakini olan Gülnar Əhmədova da tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkarlanaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını qeyd edib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Hadisə 2022-09-01 11:49:00

Video