×
A
A
A
Sazlamalar

Sənaye 4.0 ilə bağlı tədqiqatların nəticəsi beynəlxalq konfransda müzakirə olunub

Bakı, 1 sentyabr, AZƏRTAC

“Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” mövzusunda 8-ci beynəlxalq elmi konfransın (COIA-2022) Bakı Dövlət Universitetində keçirilən seksiya iclasında “Sənaye 4.0 tətbiqləri əsasında elmin kritik infrastrukturlarında kiberdayanıqlılığın tədqiqatı” mövzusunda məruzə təqdim olunub.
Tədqiqatın müəllifləri İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev və Təhmasib Fətəliyevdir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni təqdim edən Şakir Mehdiyev bildirib ki, bu tədqiqatın əsas məqsədi problemləri öyrənmək və elmi mühitin kritik infrastrukturlarının kiberdayanıqlılığının həlli yollarını araşdırmaqdır.
Qeyd olunub ki, müasir dövrdə Sənaye 4.0-ın əsas texnologiyaları elmin müxtəlif sahələrində geniş istifadə olunur: fiziki təcrübələrdə, nəzəri modellərin superkompüter hesablamalarında, sosial tədqiqatlarda, gen mühəndisliyində və s. Belə bir elmi mühitdə onun elmi infrastrukturu əşyaların interneti (IoT), kiber-fiziki sistemlər (KFS), süni intellekt (AI), bulud həlləri, big data analitikası, rəqəmsal əkizlər, “Ağıllı” şəhərlərdən və s. istifadə əsasında formalaşıb. Bu kontekstdə kritik və təhlükəsizliyə həssas elmi fəaliyyət xarakterik kiberdayanıqlılıq problemləri olan sistemlərin etibarlılığına xüsusi diqqət yetirməyi tələb edir.
Tədqiqatçı konfransda kritik Elm 4.0 infrastrukturlarının hərtərəfli təhlükəsizliyini və kiberdayanıqlılığını təmin etmək üçün həll edilməsi zəruri olan problemlər və s. haqqında da məlumat verib.
Ş.Mehdiyev IoT, CPS, AI, big data və s. kimi Sənaye 4.0-ın əsas texnologiyalarının elmdə tətbiqi ilə bağlı işlərin təhlilinin elmin inkişafı üçün yeni perspektivlərin açıldığını təsdiqlədiyini vurğulayıb.

Texnologiya 2022-09-01 11:29:00