×
A
A
A
Sazlamalar

Şəkidə avtomobili sərxoş vəziyyətdə idarə edən və xuliqanlıq edən sürücü inzibati həbs edilib VİDEO

Bakı, 31 avqust, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək digərlərinə də təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şəki şəhər sakini Asif Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb. Həmçinin öz əməlinə haqq qazandırmaq üçün polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan sürücü xırda xuliqanlıq hərəkətlərinə yol verib. Asif Məmmədov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs olunub.
Qeyd edək ki, həmin sürücü əvvəllər də avtomobili sərxoş halda idarə etdiyinə, eləcə yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozduğuna görə, barəsində son 1 il ərzində 9 dəfə inzibati tənbeh tədbiri görülüb.

Hadisə 2022-08-31 17:42:00

Video