×
A
A
A
Sazlamalar

Binəqədi rayonunun əsas yollarından biri təmir olunur

Bakı, 30 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır. Bu istiqamətdə rayonun M. Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işlərinə start verilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolda icra edilən işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir. Hazırda ərazidə yeni səki daşlarının düzülməsi üçün hazırlıq işləri aparılır.
Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri görüləcək.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Qeyd olunub ki, agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

Tikinti̇ 2022-08-30 16:58:00