Paytaxtın Tbilisi prospektində təmir işləri davam etdirilir
Bakı, 29 avqust, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunun Tbilisi prospektində icra olunan təmir işləri davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda təmir işləri sözügedən prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən İzmir küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin ortalama eni 13 metr təşkil edir.
Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi işləri görülüb.
Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Ərazidə işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri yerlərdə yolgöstərici və yol-cizgi xətlərinin çəkilişi işləri aparılacaq.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb