×
A
A
A
Sazlamalar

Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu üçün yeni alınan maşın-mexanizmlər təqdim edilib

Bakı, 25 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə AAYDA tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmlərin təqdimatı olub.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında alınmış yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar işğaldan azad edilmiş ərazilərdəki yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb ediləcək.
Təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, o cümlədən inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş avtomobillər sərgilənib.
AAYDA tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində maşın-mexanizm parkına 40 adda 360 yeni texnika və avadanlıqlar alınıb.
Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal edilən bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması, işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcək.

Tikinti̇ 2022-08-25 17:16:00