Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsinin təmiri davam edir
Bakı, 24 avqust, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq paytaxtın Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “İnvestisiya Proqramı” çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri davam edir.
Təmir çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görülüb.
Hazırda ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə istifadəyə veriləcək.
Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19,6 kilometr təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb