×
A
A
A
Sazlamalar

Ucarda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs qəza törədib

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 21-də saat 20:00 radələrində Ucar Rayon Polis Şöbəsinə rayon sakini Zaur Əliyevin idarə etdiyi nəqliyyat vasitəsilə qəza törətməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qəzanın baş verdiyi ərazidə olublar və müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı Z.Əliyevin sürücülük hüququ olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyi müəyyənləşdirilib. Bundan əlavə, sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik maddə olan heroin istifadə etdiyi məlum olub.
Z.Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və o, məhkəmənin qərarına əsasən yeddi gün inzibati qaydada həbs edilib.

Hadisə 2022-08-23 14:17:00