×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Müzəffər Nərimanov küçəsinin təmiri davam edir VİDEO

Bakı, 22 avqust, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə paytaxtın Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1830 metr təşkil edən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Ortalama eni 17,5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kvadratmetr sahədə bərpa olunub, 4582 poqonometr yeni səki daşları düzülüb. Küçə boyu 32 yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılıb.
Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə istifadəyə veriləcək.
Qeyd olunub ki, cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir. 2021-ci ildə isə Nərimanov rayonunda ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Tikinti̇ 2022-08-22 14:30:00

Video