×
A
A
A
Sazlamalar

Xəzər rayonunda evlərdən pul, qızıl və məişət əşyaları oğurlanıb

Bakı, 22 avqust, AZƏRTAC

Bakıda evlərdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki ayrı-ayrı şəxslərə məxsus səkkiz evdən müxtəlif vaxtlarda 1207 manat, 900 ABŞ dolları, 6770 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini əvvəllər məhkum olunmuş M.Alıyev saxlanılıb.
Həmin rayon ərazisində bir evdən 240 manat pul və 500 manat dəyərində qol saatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Z.Ordiyev rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Binə qəsəbəsində iki evdən 1905 manat dəyərində sərinkeş, qaynaq aparatı, 3000 manat dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Ç.Kərimov tutulub.
Hər üç faktla bağlı təhqiqat davam edir.

Hadisə 2022-08-22 12:36:00