×
A
A
A
Sazlamalar

Sabah 900-ə yaxın namizədin rezidenturaya qəbul imtahanı verəcəyi gözlənilir

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər imtahana buraxılış vərəqəsini https://eservices.dim.gov.az/brxv linkinə daxil olaraq çap edə bilirlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanın II mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib. Onlardan 282 nəfəri oğlan, 600 nəfəri qızdır. 745 namizəd Azərbaycan bölməsinin, 137 namizəd rus bölməsinin, 369 namizəd cari ilin, 513 namizəd isə əvvəlki illərin məzunudur, 6 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd: Bu mərhələdə iştirak edəcək 882 nəfərdən 618 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 264 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Elm və təhsil 2022-08-20 09:01:00