×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb

Bakı, 19 avqust, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin avqust ayı üzrə regionlarda vətəndaş qəbul qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 19-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov xalqımızın ulu öndəri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.
Qeyd edək ki, vətəndaşların müraciətləri, əsasən, agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb, agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Qida Təhlükəsizliyi İnstitutunun həmin regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb, eləcə də qurumun Şəki regional bölməsinin fəaliyyətinə baxış keçirilib.

Sosial 2022-08-19 17:37:00