×
A
A
A
Sazlamalar

“Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinə yekun vurulub

Bakı, 19 avqust, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunun xarici tərəfdaşlarla müştərək həyata keçirdiyi “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində aparılan uğurlu tədqiqat işləri nəticəsində Qobustanın daha geniş öyrənilməsi üçün böyük elmi əhəmiyyət kəsb edən zəngin və maraqlı artefaktlar aşkar olunub.
İctimai marağı nəzərə alaraq, Qobustan Milli Tarix-Bədii Qoruğunda avqustun 24-də media nümayəndələri üçün layihənin yekunlarına dair mətbuat konfransı təşkil ediləcək.
Qeyd edək ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən "Ana zağa” və “Ovçular” mağaraları, o cümlədən dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilib.
Layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqinə və qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə xidmət edir.
Layihədə Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak ediblər.
Qoruq əməkdaşları Günay Verdiyeva Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.

Mədəniyyət 2022-08-19 16:02:00