×
A
A
A
Sazlamalar

Fransalı idmançı Julien Brulard cüdoçularımıza ustad dərsi keçib

Bakı, 19 avqust, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyası (BCF) fransalı idmançı Julien Brulardla birgə yeni layihəyə start verib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi bütün dünyada cüdo idman növünün dəyərlərini təbliğ etmək, cüdo fəlsəfəsini insanlara aşılamaq və bu idman növünün kütləviliyinə nail olmaqdır. Təyyarədən istifadə etmədən dünyanı gəzən Brulard artıq 21 ölkədə olub.
İdmançı hazırda ölkəmizdə qonaqdır və cüdo ilə məşğul olan uşaqları və yeniyetmələri motivasiya etmək məqsədilə Bakıda onlarla birgə məşq edir, eyni zamanda ustad dərsi keçib.
Bununla yanaşı, fransalı “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə şəhid övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin qonağı olub. Cüdo ilə bağlı keçirdiyi ustad dərsi düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb. Düşərgə iştirakçıları idmançı ilə müxtəlif cüdo texnikaları üzrə məşq edib, fərqli fəndlərin necə həyata keçirilməsini öyrəniblər. Həmçinin o, dünya çempionatına hazırlaşan yeniyetmə oğlanlardan ibarət millinin məşq prosesində iştirak edib.

İdman 2022-08-19 15:44:00