×
A
A
A
Sazlamalar

“Salam, Məşədi” kitabı ustad xanəndə Məşədi Məmməd Fərzəliyevə həsr olunub

Bakı, 19 avqust, AZƏRTAC

Məşədi Məmməd Fərzəliyev Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, ilk musiqi təhsilini Şuşada alıb. Zəngin yaradıcılıq yolu keçmiş Məşədi Məmməd güclü nəfəsə, geniş diapazonlu gur səsə malik olub. Xanəndə səsinin gücü, sürəkli, çağlayan zəngulələri ilə məşhur idi. Onun oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürd Şahnaz" muğam-dəsgahları, "Heyratı", "Mənsuriyyə", "Səmayi-Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" zərbi-muğamları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Xüsusilə, Azərbaycan xanəndəlik sənəti tarixində “Şüştər” muğamının mahir ifaçısı kimi tanınıb. Məşədi Məmməd Fərzəliyevin Varşavanın "Sport-Rekord" və Kiyevin “Ekstrafon” səhmdar cəmiyyətlərinin dəvəti ilə 40-a qədər muğam, təsnif və mahnı ifa edərək vala yazdırıb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı-alim Gülhüseyn Kazımovun çap olunacaq “Salam, Məşədi” kitabı ustad xanəndəyə həsr edilib.
Kitabda Avropaya 6 aylıq qastrol səfərinə çıxmış ilk azərbaycanlı xanəndənin sənət yolu barədə maraqlı faktlar və məlumatlar toplanıb. Kitabda, həmçinin professor Murad Hüseynov, araşdırmaçı jurnalistlər Dilqəm Əhməd və Hafiz Əhmədov tərəfindən görkəmli ifaçının Türkiyədəki irsinə aid aşkar edilmiş ən yeni arxiv sənədlərinə də xüsusi bölmə ayrılıb.
Tədqiqatçı-alimin qələmə aldığı kitabda xanəndəni “Şərq konsert”lərində, teatr tamaşalarında çıxış etməsi, Gəncədə açılan şəhər musiqi məktəbində muğamatdan dərs dediyi, muğam üçlüyünün müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində, habelə Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda verdiyi konsertlər barədə də söhbət açılır, onun xalq musiqisinə bağlı ömür yolu barədə ətraflı məlumat verilir.

 

Mədəniyyət 2022-08-19 15:22:00