×
A
A
A
Sazlamalar

Avropa birinciliyi: Daha bir boksçumuz finala vəsiqə qazanıb, ikisi bürünc medala yiyələnib

Bakı, 19 avqust, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində finalçıların adları bəlli olub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha bir idmançısı yarımfinal döyüşünü qələbə ilə başa vurub.
Belə ki, Emanuel Kioaba (Rumıniya) və Tsotne Muntçavanı (Gürcüstan) məğlub edən Sübhan Babayev 1/2 finalda Georgi Ralfa (İngiltərə) da qalib gəlib. 44 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. O, finalda italiyalı Antoni El Moetti ilə üz-üzə gələcək.
Bağır Əlimxanlı (46 kq) və Banuçiçək Nəsirli (44 kq) isə Avropa birinciliyini bürünc medalla bitiriblər. Yarımfinalda müvafiq olaraq Mixael Xames (İngiltərə) və Crinnion Lauren Doerti (İrlandiya) qalib gələrək finala yüksəldiklərindən boksçularımız 3-cü yerlə kifayətləniblər.
Beləliklə, avqustun 20-də baş tutacaq final görüşlərində Azərbaycanın 2 boksçusu çempionluq döyüşünə çıxacaq. Sübhan Babayevlə yanaşı, Əli Məmişov (70 kq) da qızıl medal uğrunda qüvvəsini sınayacaq. Onun rəqibi Giorgi Biqvava (Gürcüstan) olacaq.
Qeyd edək ki, daha öncə Kənan Aslanlı (60 kq) komandamıza bürünc medal qazandırıb.

İdman 2022-08-19 15:02:00