×
A
A
A
Sazlamalar

BDU-nun Fizika fakültəsində üç ixtisas üzrə tələbə qəbulu aparılır

Bakı, 19 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültədə 9 kafedra və 26 tədris laboratoriyası fəaliyyət göstərir. Bakalavr və magistrantlar BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda, Fizika Problemləri Elmi-tədqiqat İnstitutunda, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tədqiqat aparmaq imkanına malikdirlər.
Fakültədə Ümumi fizika və fizikanın tədrisi metodikası, Nəzəri fizika, Optika və molekulyar fizika, Maddə quruluşu, Fiziki elektronika, Bərk cisimlər fizikası, Astrofizika və Nanomaterialların kimyəvi fizikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.
Bakalavriat səviyyəsində fizika, fizika müəllimliyi və mühəndis fizikası ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Fizika ixtisasında universal kadr hazırlığı aparılır, bu ixtisası bitirən tələbələr fizika sahəsi üzrə elmi-tədqiqat institutlarında, sənaye-texnoloji parklarda və digər sahələrdə çalışa bilərlər.
Fizika müəllimliyi ixtisasını bitirən məzunlar orta ümumtəhsil məktəblərində, liseylərdə tədris apara bilərlər.
Mühəndis fizikası ixtisasında fizika üzrə biliklərin tələb olunduğu sənaye sahələri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində təşkil olunub.

Elm və təhsil 2022-08-19 15:00:00