×
A
A
A
Sazlamalar

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib

Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 19-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (SAİ) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunan tədbirdə Ekspert Şurasının üzvləri çıxış ediblər.
Giriş nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və SAİ-nin direktoru Erkin Tukumov Qazaxıstan-Azərbaycan münasibətlərində hazırda aktual olan məsələlərə toxunublar.
E.Tukumov qeyd edib ki, iki ölkə ekspertləri arasında əlaqələr son dövrlər sistematik və məhsuldar xarakter alıb. F.Şəfiyev də Azərbaycan-Qazaxıstan ekspert icmaları arasında möhkəm platformanın yaradıldığını təsdiqləyərək bəyan edib ki, bu görüşün Qazaxıstan Prezidenti Tokayevin səfəri öncəsi baş tutması xüsusi məna kəsb edir.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aidos Sarım parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunaraq bildirib ki, 44 günlük müharibə zamanı Qazaxıstan ictimaiyyəti Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib.
Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu və Rasim Musabəyov çıxışlarında Azərbaycanla Qazaxıstan arasında siyasi və təhlükəsizlik sahələrində əlaqələrin yüksək səviyyədə olmasının iki xalq arasında ortaq tarix, etnik, mədəni, dini kimlikdən qaynaqlandığını qeyd ediblər.
Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyəti sədrinin müavini Amangeldi Tajenov regionda və dünyada geosiyasi hadisələrin son dövrlər mənfi yöndə inkişaf etdiyini, buna görə də Qazaxıstan və Azərbaycanın öz xarici siyasət fəaliyyətlərini xüsusilə beynəlxalq təşkilatlarda qarşılıqlı koordinasiya etməsi zərurətinin yarandığını vurğulayıb.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iki ölkə arasında mövcud olan təhsil və mədəni əlaqələrdən bəhs edib.
TALAP Tətbiqi Tədqiqatlar Mərkəzinin direktoru Rahim Oşakbayev yeni geosiyasi reallığın düşüncə mərkəzləri arasında fikir mübadilələrini intensivləşdirməsi zərurətini diktə etdiyini vurğulayaraq, MDB, Avrasiya İttifaqı kimi təşkilatların ətalət (inersiya) vəziyyətində olduğunu, yeni inteqrasiya modellərinin, bu kontekstdə Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya formatının nəzərdən keçirilməsinin vacibliyinə toxunub. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov regionun qonşuluğunda baş verən geosiyasi dəyişikliklərin Qazaxıstan və Azərbaycan üçün bir sıra daxili və xarici təhlükəsizlik çağırışları yaratdığını, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün tarixi şans yarandığını, bunun üçün investisiya təhlükəsizliyi mühitinin yaradılmasının, ticarət və gömrük sahəsində dövlət strukturlarının fəaliyyətlərinin sinxronizasiya edilməsinin vacibliyini bildirib.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov son dövrlərdə Orta Koridora tələbatın artdığını açıqlayıb. BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov Orta Koridor ilə tranzit yükdaşımalarının artması ilə yanaşı, Azərbaycan ilə bu dəhliz üzərində yerləşən Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan arasında son illərdə ticarət dövriyyəsinin həcmində artım tendensiyasının müşahidə olunduğunu bildirib. Bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarətin ötən ilə nisbətən altı dəfədən çox artaraq tarixi zirvəyə çatdığını bəyan edib.
Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun baş eksperti Lidiya Parxomçik isə Xəzər regionu ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etməsi ilə bərabər, bir sıra texniki və bürokratik problemlərin həllini gözlədiyini qeyd edib.
Qeyd edək ki, cari ilin mayında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Siyasət 2022-08-19 14:10:00