×
A
A
A
Sazlamalar

Cavid Məmiyev: Düşmən yaxşı başa düşür ki, Azərbaycanla güc dili ilə danışmaq cəhdi onlara çox baha başa gəlir

Sumqayıt, 19 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazandı. Beynəlxalq hüququn prinsipləri, tarixi ədalət öz yerini tapdı. BMT-nin qəbul etdiyi qətnamələr icra olunmuş oldu. Müharibənin başa çatması Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması baxımından yeni imkanlar yaratdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev deyib.
O bildirib ki, 10 noyabr 2020-ci il Bəyannaməsinə əsasən tərəflər öz üzərilərinə öhdəliklər götürdülər. Onların yerinə yetirilməsi gələcəkdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək. Sözsüz ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirərək onları yerinə yetirdi. Ermənistan isə öz xislətinə sadiq qalaraq yenə də təxribatçı və destruktiv mövqe tutdu. Ən əsası isə onlar 10 noyabr razılaşmasına uyğun olaraq öz silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadılar. Azərbaycan ərazisində qalmış erməni silahlı birləşmələrinin törədikləri təxribat nəticəsində əsgərimiz şəhid oldu. Lakin bu dəfə də erməni təxribatı cavabsız qalmadı. Qısa müddət ərzində həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində şanlı ordumuz tərəfindən mühüm strateji yüksəkliklər nəzarətə götürüldü. Yalnız görülən bu qəti tədbirlərdən sonra erməni tərəfi anladı ki, artıq yeni reallıqlarla barışmağın vaxtı çatıb.
Son günlər ərzində yüzlərlə erməni yaraqlısının Azərbaycan ərazisini tərk etməyə başladığını vurğulayan C.Məmiyev deyib: “Artıq düşmən yaxşı başa düşür ki, Azərbaycanla güc dili ilə danışmaq cəhdi onlara çox baha başa gəlir. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında dəhliz rolunu oynayacaq yeni yolun bizim ərazimizə düşən hissəsi çəkilib tamamlanıb. Artıq bu ayın sonuna qədər Laçın şəhərinin və ona yaxın Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi gerçəkləşəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev burada da yüksək humanizm nümayiş etdirərək erməni tərəfinə verilən vaxtın 5 avqustdan 25 avqustadək uzadılması xahişini müsbət cavablandırdı. Bir şərtlə ki, erməni tərəfi də öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirsin. Yalnız bundan sonra Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli zəmin yaranmış olar. Erməni silahlı birləşmələri ölkəmizin ərazilərini tam və qeyd-şərtsiz tərk etdikdən sonra erməni vətəndaşlar da Azərbaycan dövlətində yaşamağın daha perspektivli olmasına bir daha əmin olacaq. Azərbaycan vətəndaşlığını qəbul edən, qanunlarımıza hörmət edən ermənilər Xankəndidə və digər bölgələrimizdə qalıb yaşaya biləcəklər. Prezidentimizin də qeyd etdiyi kimi, heç bir muxtariyyət, heç bir status, heç bir xüsusi imtiyaz olmadan, bütün Azərbaycan vətəndaşları necə, onlarda elə yaşayacaqlar”.
C.Məmiyev qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə artıq Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Bir müddət öncə Zəngilanın Ağalı kəndinə ilk qayıdış reallaşdı. Ağalıda vətəndaşların oraya qayıdışı üçün bütün lazımi infrastruktur qurulub. Azad edilmiş ərazilərimizin bərpası üçün Prezidentin göstərişi əsasında büdcədən lazımi vəsait ayrılır. Azərbaycan bütün bərpa-quruculuq işlərini yalnız və yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir.
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur turizm baxımından böyük potensiala malikdır. Əgər bu bölgələrin turizm imkanlarından lazımi qaydada istifadə olunarsa, həm xeyli insan əlavə iş yerləri ilə təmin edilər, həm də dövlət büdcəsi əhəmiyyətli gəlirlər əldə etmiş olar. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından da əlverişli bölgələrdir. Bu da ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətli məsələdir. Tam əminik ki, Prezidentimizin qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzur gələcəkdə ölkəmizin çiçəklənən bölgələrindən birinə çevriləcək.

Regionlar 2022-08-19 14:08:00