×
A
A
A
Sazlamalar

Abşeron şəraitində evkalipt cinsinə aid bəzi növlərin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri araşdırılıb

Bakı, 19 avqust, AZƏRTAC

Biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova tərəfindən quru - subtropik iqlimə malik Abşeron yarımadasında introduksiya olunan evkalipt cinsinə aid növlərdə Abşeronda və Dendrologiya İnstitutunun ərazisində xəstəlik və zərərvеricilərin öyrənilməsi məqsədilə geniş araşdırma aparılıb.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Abşeron şəraitində evkalipt cinsinə aid bəzi növlərin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri araşdırılıb. Respublikamızda park və bağlarda, mərkəzi alleyaların salınmasında istifadə olunan həmişəyaşıl, hündür, dekorativ xüsusiyyətlərə malik bitkilər mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə dünyanın bir çox floristik zonalarından yeni növ bitkilərin gətirilməsi biomüxtəlifliyin artırılması ilə yanaşı respublikamızda, eləcə də Abşeron yarımadasında xəstəlik və zərərvericilərin də yayılmasına səbəb olur.
Tədqiqat nəticəsində müəyyən edilib ki, Abşeron şəraitində Eucalyptus L Herit. cinsinə aid bəzi növlərdə Leptocybe invasa Fischer La Salle və Ophelimus maskelli Ashmed zərərvericilərinə rast gəlinir. Çoxillik müşahidələr nəticəsində məlum olub ki, Abşeronda evkalipt növlərinin kimyəvi maddələrlə dərmanlanmasının qışda və yazın başlanğıcında aparılması daha məqsədyönlüdür. Abşeronda bir qisim xəstəlik və zərərvericilər mühitə uyğunlaşmayıb tələf olur, digər hissəsi isə ekoloji şəraitin əlverişli olmaması nəticəsində zəif inkişaf edib, bitkilər üçün təhlükə törətmir. Üçüncü qrupa daxil edilən formalar isə əlverişli şəraitdə inkişaf edir və daha təhlükəli mənbəyə çevrilir. Ofelimus evkaliptlərin daxili karantin zərərvericisi olduğundan əkin materialını bir yerdən başqa yerə köçürərkən karantin tədbirlərinə ciddi əməl olunmalıdır. Araşdırılan növlər torpaq-iqlim şəraitinə davamlı olub, yaşıllaşdırmada istifadə oluna bilər, lakin onları zərərvericilərdən kompleks şəkildə mühafizə etmək məqsədyönlüdür.

Elm və təhsil 2022-08-19 13:41:00