×
A
A
A
Sazlamalar

Tanınmış memar doğma Qarabağımız üçün 200-dən artıq layihə işləyib

Bakı, 19 avqust, AZƏRTAC

Böyük istedada malik tanınmış memar Hacıağamalı Qəzənfəroğlunun yaradıcılığında Qarabağ mövzusu həmişə önəmli yer tutub. Şanlı Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsi bitdiyi gündən indiyədək o, daim həmin mövzuda layihələr işləyib, “Zəfər” memorial kompleksinin eskiz variantlarını hazırlayıb.
AZƏRTAC xəbər verir ki, veteran memar azad edilmiş torpaqlar üçün 200-dən artıq layihə işləyib və onları Qarabağda fəaliyyət göstərən tikinti təşkilatlarına hədiyyə etmək niyyətindədir.
Həmin layihələrin əksəriyyəti Azərbaycan bayrağının rənglərini əks etdirən məxmər üzlü üç albomda toplanıb. Yarım əsrdən çox bu sənət ilə ciddi məşğul olan qocaman memar deyir: “Çox istərdim ki, işlədiyim layihələr gözəl Qarabağımızın şəhər və qəsəbələrində, kəndlərində tikilsin, burada yaşayacaq insanlarımıza xidmət göstərsin. Bunun üçün heç bir əvəz gözləmirəm. Axı hər birimiz o torpaqlarda yenidən və əbədi məskunlaşmağımız üçün müəyyən işlər görməliyik. Mənim də əlimdən bunlar gəldi”.
Qeyd edək ki, memar, rəssam və heykəltaraş Hacıağamalı Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib. Memarlıq fəaliyyəti boyu o, Rusiyanın Omsk və Pyatiqorsk şəhərlərində çoxsaylı layihələr işləyib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycana dönüb və “Bakıdövlətlayihə” İnstitutunda memar kimi fəaliyyətə başlayıb. Həmin illərdə Bakıdakı 9-cu mikrorayonda yaşayış evlərinin, “Gülüstan” şadlıq sarayının, Semaşko adına xəstəxananın, Yaşıl Teatrın ərazisindəki Qonaq evinin və sair obyektlərin layihələrinin işlənilməsində yaxından iştirak edib.
1981-ci ildə o, Səhiyyə Nazirliyinin nəzdində yeni yaradılmış Layihə-Smeta Bürosunda işə başlayıb və uzun illər ərzində bu layihə bürosunun direktoru vəzifəsində çalışaraq bir çox uğurlara imza atıb. O, 1975-ci ildən SSRİ Memarlar İttifaqının üzvü olub. 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Mədəniyyət 2022-08-19 13:05:00