×
A
A
A
Sazlamalar

Dünyada koronavirusa yoluxanların sayı 590 milyonu ötüb

Bakı, 19 avqust, AZƏRTAC

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 590 milyonu, bu xəstəlik səbəbindən ölüm hallarının sayı isə 6,44 milyonu ötüb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.
Təşkilatın statistikası yoluxanlar və ölənlər barədə yalnız dövlətlər tərəfindən təqdim olunan rəsmi təsdiq edilmiş məlumatlara əsaslanır. Yoluxma hallarında 500 milyonluq hədd - aprelin 14-də, 400 milyonluq hədd – fevralın 10-da, 300 milyonluq hədd – yanvarın 8-də, 200 milyonluq hədd isə 2021-ci il avqustun 5-də qeydə alınıb.
Məlumatları ÜST-ə daxil olunan ən çox təsdiqlənmiş yoluxma halı - 91 995 265 ABŞ-da qeydə alınıb. Daha sonra Hindistan (44 298 864), Braziliya (34 201 280), Fransa (33 275 006) və Almaniya (31 725 160) yer alıblar. Ən çox ölüm halı da - 1 027 845 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (681 763), üçüncü yerdə - Hindistan (527 206) qərarlaşıb. Ondan sonra Rusiya (383 362) və Meksika (328 798) yer alıblar.
Azərbaycanda indiyədək koronavirus infeksiyasına 807 min 17 yoluxma faktı qeydə alınıb, 793 min 747 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər dünyasını dəyişib.

Səhiyyə 2022-08-19 12:02:00