×
A
A
A
Sazlamalar

Avstriyanın cənub regionlarında fırtına nəticəsində beş nəfər həlak olub

Vyana, 19 avqust, AZƏRTAC
Avqustun 18-də Avstriyada baş vermiş fırtına nəticəsində ölənlərin sayı beşə çatıb.
AZƏRTAC xəbər verir ki, Karintiya federal əyalətində iki uşaq, Aşağı Avstriya federal əyalətində isə üç qadın güclü küləyin aşırdığı ağacların altında qalaraq həlak olublar. Dövlət başçısı Aleksander Van der Bellen və Federal Kansler Karl Nehammer baş vermiş faciəyə görə ölənlərin ailələrinə başsağlığı veriblər.
Baş vermiş təbii fəlakət nəticəsində on minlərlə mənzilin elektrik enerjisi ilə təminatı kəsilib, avtomobil və dəmir yolları nəqliyyat üçün bağlanıb.
Mərkəzi və Cənubi Avropa ölkələrində baş verən güclü firtına insan ölümü ilə yanaşı yaşayış məskənlərində ciddi dağıntılara səbəb olub.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Dünya 2022-08-19 11:42:00