×
A
A
A
Sazlamalar

“Qarabağ İncilərinin Avropa Sədası” adlı layihənin icrasına başlanılıb

Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən biri olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin “Qarabağ İncilərinin Avropa Sədası” adlı layihəsinin icrasına başlanılıb.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Qarabağ kolleksiyasına aid 16 geyim hazırlanacaq və hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Qarabağ, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadacaq. Hər bir geyimə uyğun çarıq, çanta, sırğa və sair aksesuarlar da hazırlanacaq.
Hazırlanmış geyim nümunələrinin Fransanın paytaxtı Paris şəhərində oktyabrın 24–28-də sərgisi keçiriləcək. Sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərləri, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən kolleksiya təqdim olunacaq. Layihənin son mərhələsində isə həmin kolleksiya Şuşa şəhərində təqdim olunacaq.
Hazırda layihə üzrə hazırlıq işlərinə başlanıb, layihənin işçi qrupu ilə toplantı keçirilib, geyim kolleksiyasının tikilişinə start verilib.
Layihənin müddəti 4 aydır.

Cəmiyyət 2022-08-19 11:24:00