×
A
A
A
Sazlamalar

Maestro Niyazinin 110 illiyi ilə əlaqədar xatirəsi yad olunub

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Maestro Niyazinin 110 illiyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək maestronun həyat və yaradıcılığından, eləcə də musiqi mədəniyyətimizin inkişafındakı rolundan danışıb.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov maestronun yubileyi ilində ölməz sənətkarın həyat və yaradıcılığının geniş təbliği məqsədilə görülən işlər və silsilə tədbirlər haqqında məlumat verib.
Qeyd edilib ki, maestro Niyazinin 110 illiyi ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1987-ci ildə Bakı şəhəri “İşıq” nəşriyyatında rus dilində nəşr olunmuş “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının “Xatirələr” bölməsinin ilk dəfə Azərbaycan dilində çapa hazırlamaq işini qarşısına məqsəd qoyub.
Kitabı tərtib edən və elmi redaktor - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Tərcümə işləri Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, muzeyin elmi-kütləvi şöbəsinin müdiri Xanımbacı Abdinova tərəfindən həyata keçirilib. “Niyazi xatirələrdə” adlı kitabda görkəmli ədəbiyyat və incəsənət xadimlərinin maestro Niyazi haqqında xatirələri muzeyin zəngin kolleksiyalarından olan fotomateriallarla birlikdə təqdim olunur. Kitaba, həmçinin Azərbaycan və Türkiyənın bir sıra incəsənət xadimlərinin xatirələri əlavə olunub. Kitab Niyazinin şəxsiyyət və yaradıcılığı və ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, il ərzində hər həftə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin feysbuk səhifəsində bu xatirələr Azərbaycan dilində hissə-hissə təqdim olunub.
Tədbirdə “Niyazi xatirələrdə” kitabının elektron variantının təqdimatı keçirilib. Muzeyin şöbə müdiri Xanımbacı Abdinova, böyük elmi işçisi Əzirə Abdullayeva və elmi işçi Azər Həsənov həmin xatirələrdən bəzilərinin maraqlı fraqmentlərini səsləndiriblər, onların çıxışları mövzu üzrə slayd-şou ilə müşayiət olunub. Daha sonra tədbirə dəvət olunmuş Niyazinin qohumu Sahib Qədimov, bəstəkar, Xalq artisti, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, şair-publisist Fəxrəddin Meydanlı maestro haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Mədəniyyət 2022-08-19 11:11:00