×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə aquatlon üzrə uşaqlar üçün yarış keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Avropa Oyunları Parkında Azərbaycanda ilk dəfə aquatlon idman növü üzrə 5-15 yaşlı uşaqlar arasında yarış keçirilib.
Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Trikidsbaku”, Azərbaycan Triatlon Federasiyası, “Aquatic Palace” Su idmanı Sarayının təşkilatçılığı, “Metak” şirkətinin baş tərəfdaşlığı ilə keçirilən turnirdə 180 nəfərə yaxın azyaşlı idmançı iştirak edib.
Gənclərdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Balaheydər Kərimov və yeniyetmələrdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Nurəli Məmmədovun rəhbərliyi altında təşkil olunan yarışın müxtəlif yaş qruplarında Pəri Qaranizadə, Rauf Xasayev, Leyla Kərimli, Rəsul Hüseynov, Veronika Novotorjina, Məhər Sadıqlı, Leyla Qurbanova, Kənan Musayev, Məryəm Cavadova, Denis Xasyanov, Xumar Mustafayeva, Amin Oruclu, Vlastelina Xaysanova, Fərhad Şirməmmədli, Sevda Masoudi Nəsib və Əli Rzazadə qalib adını qazanıblar.
Gənclərdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Balaheydər Kərimovun sözlərinə görə, azyaşlı idmançılar üçün bu formatda tədbirin keçirilməsi tiratlonsevərlərin əsas arzularından biri idi. O qeyd edib ki, federasiya belə bir yarışın keçirilməsi ilə bu idman növünün inkişafında əhəmiyyətli addımlardan birini atıb.
Qeyd edək ki, aquatlon idman yarışı formatına üzgüçülük və qaçış daxildir. Uşaqlar üçün keçirilən turnirdə 50 metr məsafəyə üzmək və 500 metr qaçış məsafəsi müəyyən olunub.

İdman 2022-08-19 11:00:00