×
A
A
A
Sazlamalar

Mali Fransaya qarşı ciddi ittihamlarla BMT Təhlükəsizlik Şurasına müraciət edib

Paris, 19 avqust, AZƏRTAC
Malinin xarici işlər naziri Abdulaye Diop Birləşmiş Millətlər Təşkilatına məktubla müraciət edərək, Malinin hava məkanının pozulmasını pisləyib. O, Fransa ordusunu terrorçu qruplaşmalara dəstək verməkdə ittiham edir.
AZƏRTAC xəbər verir ki, Malinin xarici işlər naziri Fransaya qarşı çox ciddi ittihamlar irəli sürüb. O, BMT-yə məktubla müraciət edərək, Fransanı təkcə onun ölkəsinin suverenliyini pozmaqda və casusluq aktlarına görə deyil, həm də rəsmi Parisin Malidə tüğyan edən terrorçu qruplaşmaları silah, sursat və kəşfiyyat məlumatları ilə təmin etməkdə ittiham edib. Abdulaye Diop fransız qüvvələri tərəfindən Mali hava məkanının tez-tez pozulmasını vurğulayaraq, rəsmi Bamakonun icazəsi olmadan pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrinin Mali üzərindən icazəsiz uçduğunu qeyd edib. O, Fransa ordusunun bir çox məkanlarda terrorçu qruplaşmalara “bağlamalar” atmaqda ittiham edib.
Nazir Diop hətta “təcavüz” kimi təsvir etdiyi vəziyyət qarşısında “özünümüdafiə hüququ”ndan istifadə etmək kimi hədələr səsləndirib. Bildirib ki, rəsmi Bamako Mali ilə koordinasiya edilməmiş birtərəfli hərəkətləri pisləyir. Mali Fransanın “təcavüz aktları”nın dərhal dayandırılması üçün BMT Təhlükəsizlik Şurasını işləməyə dəvət edərək, Çinin sədrliyi çərçivəsində fövqəladə iclas çağırmağı və bu məlumatları Təhlükəsizlik Şurasının üzvlərinə çatdırmağı tələb edir.
Fransa isə öz növbəsində Malinin yeni rus müttəfiqləri tərəfindən təşkil edilən “dezinformasiya kampaniyası”nı pisləyib.
Xatırladaq ki, cari il aprelin sonunda Mali və Fransa bir-birini Qossidəki kütləvi məzarlığın müəllifi olmaqda ittiham edirdilər.
Cari il avqustun 15-də Saheldəki Barxan əməliyyatında iştirak edən Fransa silahlı qüvvələrinin sonuncu hərbçiləri Malini tərk ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2022-08-19 10:57:00