×
A
A
A
Sazlamalar

Ağcabədidə subartezian quyuları bərpa olunacaq VİDEO

Ağcabədi, 19 avqust, AZƏRTAC

Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2261 km suvarma kanalı, 2549 km kollektor drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasos, 3 ədəd inzibati və 16 ədəd yaşayış binasının istismarı və təmiri ilə məşğul olmaqla, 63000 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir. İdarə tərəfindən suvarmanı yaxşılaşdırmaq üçün bir sıra təxirəsalınmaz işlər görülür. 2022-ci ildə əkilmiş kənd təsərrüfatı bitkilərinin 13000 hektarı nasoslarla, 23291 hektarı öz axımı ilə, 26709 hektarı isə artezianlarla suvarılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, idarə tərəfindən cari ildə kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi, 134 ədəd subartezian quyusunun cari təmiri, həmçinin balansda olan nasos stansiyalarda təmir işləri həyata keçirilib. Belə ki, “Salmanbəyli-9” nasos stansiyasında bir, “Xocavənd-1” nasos stansiyasında da bir ədəd elektrik mühərriki təmir olunub. Hazırda suvarmanın yaxşılaşdırılmasında daim işləyən nasos stansiyalar və subartezian quyuları fasiləsiz olaraq sahələrə xidmət göstərir. İdarə tərəfindən yeraltı suların aşağı səviyyəyə düşməsi nəticəsində batan subartezian quyularının da yenidən bərpası nəzərdə tutulur ki, artıq bu quyular plana uyğun bərpa olunacaq.
Qeyd edək ki, Ağcabədi rayonunda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır.

Regionlar 2022-08-19 10:07:00

Video