×
A
A
A
Sazlamalar

Ağdam rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir təşkil olunub

Ağdam, 18 avqust, AZƏRTAC

Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Rövşən Əhmədov, idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğıdan, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, icbari tibbi sığortanın əhəmiyyətindən danışıb.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev təqdimatla çıxış edərək, “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş açıqlamalar verib.
Sonra rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Rövşən Əhmədov icbari tibbi sığortanın üstünlüklərindən danışıb. Bildirib ki, indiyədək tibbi sığorta üçün müraciət edən xeyli vətəndaş aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-08-18 22:53:00