×
A
A
A
Sazlamalar

Emin Əliyev: Azərbaycan hökuməti uzun illər daxili bazarda taxıl məhsullarının qiymətinin sabit qalmasını təmin edib

Bakı, 18 avqust, AZƏRTAC

Dünyada taxıl məhsullarının qiymətinin artması prosesi artıq iki ildir davam edir. Azərbaycan hökumətinin uzun illər taxıl məhsullarının gömrük rüsumlarından, eyni zamanda, bəzi hallarda vergilərdən azad edilməsi və müəyyən tədbirlərin görülməsi hesabına daxili bazarda qiymət artımının qarşısının alınmasını təmin edib. Amma təəssüf ki, dünyada baş verən hərbi, siyasi, iqtisadi böhran bu prosesin davamlılığına çətinlik yaradır. Dünyada baş verən proseslər ölkəmizə də təsir edir. Hökumət bu prosesin sürətini azaltmağa çalışıb və buna müəyyən qədər nail olub. Lakin hazırkı dövrdə bu, qarşısıalınmaz bir vəziyyət alıb. Hesab edirəm ki, dünyada baş verən hadisələrin fonunda ölkəmizdə də taxılın qiymətində artımın müşahidə olunması, un və un məmulatlarının qiymətində dəyişiklik qaçılmazdır.
Bunu AZƏRTAC-a açıqlamasında “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyev söyləyib.
O bildirib ki, Ukraynada baş verən müharibə, eyni zamanda, taxıl möhtəkirlərinin fəallaşması ilə nəticələnib. Statistikaya görə, taxıl əkini sahələri ötənilki göstəricilərdən fərqlənməyib. Sadəcə, bu cür böhran və siyasi-iqtisadi təlatümlər bəzi taxıl və toxum möhtəkirlərini müəyyən addımlar atmağa vadar edir və bu, qiymətlərin artması ilə nəticələnir. Azərbaycan Respublikası uzun illərdir özünü taxıl məhsullarının yetişdirilməsi ilə tam təmin edə bilmir. 2021-2022-ci illərin statistikası göstərir ki, ölkəmiz özünü taxılla cəmi 62 faiz təmin edə bilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (UNFAO), eyni zamanda, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin hesabatları göstərir ki, Azərbaycanda dövriyyəyə cəlb edilmiş torpaq sahələrindən maksimal istifadə edilsə belə, Azərbaycan özünü taxıl məhsulları ilə 70 faizdən çox təmin edə bilməyəcək. Bu, ölkəmizin torpaq və iqlim şəraitinə görə belədir.
“Azərbaycanda yetişən digər məhsullara nəzər salsaq görərik ki, dünya bazarı ilə müqayisədə ölkəmizdə bir çox meyvə və tərəvəzlərin qiyməti dünya bazarındakı qiymətlərdən qat-qat aşağıdır. Çünki bu qiymətlərin müəyyən edilməsi yerli istehsala əsaslanır və hər hansı meyvə və tərəvəzdə qiymət artımı varsa, bu qiymət artımının əsas səbəbi toxumların, tinglərin, gübrələrin və dərmanların bəzi hallarda xaricdən alınmasıdır. Taxıl ilə Azərbaycanda istehsal olunan digər məhsullarının qiymət dəyişimini müqayisə etdikdə görürük ki, biz özümüzü, sadəcə, taxılla təmin edə bilmədiyimiz üçün burada qiymət artımı gözləniləndir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkəmizin taxıl məhsulları ilə təmin olunması ilə bağlı yol xəritəsi müəyyən etdi. Bu yol xəritəsi ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Zonasında bundan sonra təxminən 100 min hektar əkin sahəsi dövriyyəyə cəlb ediləcək. Bunlar yüksək aqrotexniki qulluq qaydaları, damcı üsulu və pivot suvarma sistemləri ilə təmin olunacaq ki, nəticədə yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaranacaq. İnanırıq ki, ölkəmizin bu günə qədər taxıl əkilmiş sahələrinə müasir suvarma sistemləri, eyni zamanda, yüksək sortlu buğda, arpa toxumlarının istifadəsi, yüksək tələblərə uyğun aqrotexniki qulluq qaydalarının tətbiq olunması ilə Azərbaycanın özünü taxılla təminetmə göstəriciləri yüksələcək.

İqtisadiyyat 2022-08-18 19:07:00