×
A
A
A
Sazlamalar

İndoneziyada Azərbaycanın multikultiralizmi mövzusunda doktorluq dissertasiyası müdafiə edilib

Cakarta, 18 avqust, AZƏRTAC
İndoneziyanın Bandunq şəhərində yerləşən Sunan Gunung Djati Dövlət İslam Universitetinin aspirantı Moç Rza Fəhmi “Azərbaycan multikulturalizmi: Din, Dövlət və Cəmiyyət Münasibətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
AZƏRTAC xəbər verir ki, mövzusu ölkəmizlə birbaşa bağlı olan doktorluq dissertasiyasının müdafiəsinə Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev də qatılıb.
Müdafiə zamanı Şərqi Avropa ölkəsi olan Azərbaycanın fərqli inanclara etiqad edən müxtəlif etnik qrupların bir yerdə sülh və harmoniya şəraitində birlikdə yaşadığı haqqında məlumat verilib. Azərbaycanın islam ölkəsi olmasına baxmayaraq, müsəlmanların burada yaşayan digər dinlərin nümayəndələri ilə münaqişə etmədən yan-yana yaşadıqları vurğulanıb. Dissertant Azərbaycanın bilavasitə bu xüsusiyyətləri ilə tədqiqatçıları özünə cəlb etdiyini bildirib. Aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycanın müstəqillik əldə etdikdən sonra multikulturalizmi dövlət ideologiyasına çevirdiyi və bu ənənələrin ardıcıl surətdə inkişaf etdirdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan vətəndaşlarını, burada yaşayan azlıqları, ölkənin suverenliyini terrorizm və radikalizm təhlükəsindən qorumaqla yanaşı, onların dinini, mədəniyyətini, dilini və adət-ənənələrini inkişaf etdirdiyi də vurğulanıb.
M.R.Fəhmi Azərbaycanda dövlətin dini qurumlara maliyyə yardımı göstərməklə sosial-dini multikulturalizmin formalaşmasında, keçmiş Sovet İttifaqının kommunist rejimi tərəfindən dağıdılan ibadət evlərinin bərpasında və yenilərinin tikilməsində yaxından iştirakını da qeyd edib. Azərbaycan multikulturalizminin üç əsas amil – tarixi sosial faktorlar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və hökumətin dini liderlərlə ittifaqı üzərində qurulduğuna diqqət yönəldib.
Qeyd edək ki, M.R.Fəhmi dissertasiya işi üzərində tədqiqat məqsədilə keçən il ölkəmizdə səfərdə də olub. Həmin səfər ərəfəsində universitetin rəhbərliyi ilə ölkəmizin səfirliyi arasında baş tutmuş söhbət zamanı qarşı tərəfə multikulturalizmi təşviq etmək məqsədilə universitetdə “Azərbaycan Tədris Mərkəzin”in və “Azərbaycan güşəsi”nin yaradılması təklif olunub.
Səfirin müdafiədə iştirakı Bandunqun aparıcı media orqanları tərəfindən də geniş işıqlandırılıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Din 2022-08-18 17:00:00