×
A
A
A
Sazlamalar

Almaniya səfirliyinin nümayəndələri Azərkosmosda olublar

Bakı, 18 avqust, AZƏRTAC

Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts və səfirliyin nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Azərkosmosun fəaliyyəti, Azərbaycanın peyk layihələri, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə məlumat verilib. Günümüzdə aktual olan iqlim dəyişikliyi istiqamətində kosmosun verdiyi imkanlar və peyk resursları vasitəsilə həyata keçirilən innovativ həllərin önəmi vurğulanıb.
Görüşdə, həmçinin ölkədə kosmik sənayenin inkişafı istiqamətində Almaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Tərəflər kosmik sahədə mütəxəssislərin yetişdirilməsi üzrə təhsil proqramlarının inkişafından, o cümlədən elmi tədqiqat imkanlarından bəhs ediblər.
Qonaqlara 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin hazırlıq işləri haqqında da məlumat verilib.
Almaniyanın kosmik sahə üzrə fəaliyyət göstərən agentlikləri və şirkətləri Beynəlxalq Astronavtika Konqresində aktiv iştirak etməyə dəvət olunub.
Azərbaycanın Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Peyklər üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir.
Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulur.
Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətin prioritet istiqamətlərindən biridir.

İKT 2022-08-18 16:53:00