×
A
A
A
Sazlamalar

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində üç ixtisas üzrə mütəxəssislər hazırlanır

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 3 ixtisas üzrə mütəxəssislər hazırlanır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültədə 2 kompüter laboratoriyası, Riyazi fizika, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, İqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.
Fakültədə bakalavriat səviyyəsində kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Kompüter elmləri ixtisası üzrə məzunlar informasiya texnologiyaları mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, riyaziyyatçı, riyaziyyat mühəndisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. sahələr üzrə işləyə bilərlər.
İnformatika müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) yüksək peşəkarlıqla tədris apara bilərlər.
İnformasiya təhlükəsizliyi ixtisası üzrə məzunlar müvafiq sahədə mütəxəssis, analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, informasiya texnologiyaları layihəsinin meneceri, verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, PHP proqramçısı və s. işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Elm və təhsil 2022-08-18 14:48:00