×
A
A
A
Sazlamalar

Füzulidə şəhid Əliağa Tağıyevin xatirəsi anılıb VİDEO

Füzuli, 18 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Birinci Qarabağ müharibəsi şəhidi Əliağa Tağıyevin şəhadətinin ildönümündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, həmçinin adını daşıdığı məktəbdə anım mərasimi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Bala Bəhmənli kənd orta məktəbində şəhid Tağıyev Əliağa İdris oğlunun anım günü keçirilib. Tədbir başlamazdan əvvəl şəhidimizin məzarı ziyarət olunub. Sonra məktəbdə şəhidin adına tikilmiş abidənin qarşısına gül dəstələri düzülüb.
Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, Füzuli Dövlət Dram Teatrının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, kənd məktəbinin kollektivi, kənd ağsaqqalları iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi anılıb.
İcra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qətiyyətli mövqeyindən, şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan söz açıb.
Sonra şəhid ailələri, kənd sakinləri və tədbir iştirakçıları çıxış edib, məktəblilərin şeir kompozisiyaları nümayiş olunub. Həmçinin şəhid Əliağa Tağıyevin şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Əliağa Tağıyev 1962-ci il fevralın 2-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1969-cu ildə Bala Bəhmənli kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1980-1981-ci illərdə keçmiş SSRİ ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidməti başa vurduqdan sonra Vətənə qayıdıb. 1982-ci ildə Suraxanıda Maşınqayırma zavodunda işləməyə başlayıb. Zavodda Milli Qəhrəman Albert Aqarunov ilə birgə işləyiblər. Birinci Qarabağ müharibəsi başlayanda Albert Aqarunov ilə könüllüllər sırasına qoşularaq, Vətənin harayına yollanıb və erməni təcavüzkarlarına qarşı döyüşlərdə igidliklə iştirak ediblər. Əliağa dəfələrlə mühasirəyə düşmüş əsgərlərimizin azad olunmasında göstərdiyi qəhrəmanlıqla seçilib. Şuşa, Laçın, Qubadlı, Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştirak edib. 1992-ci il avqustun 16-da Ağdamın Abdal Gülablı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Oxuduğu Bala Bəhmənli kənd tam orta məktəbinə onun adı verilib. Şəhidimiz Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.

Regionlar 2022-08-18 14:12:00

Video