×
A
A
A
Sazlamalar

Sorğu: Britaniyalıların əksəriyyəti baş nazir postunda Liz Trassı görmək istəyir

Bakı, 18 avqust, AZƏRTAC

Böyük Britaniya hökumətinin başçısı və Mühafizəkar partiyanın lideri postuna iddia edən xarici işlər naziri Liz Trass özünün yeganə rəqibi, sabiq maliyyə naziri Rişi Sunakı 32 faiz bəndi qabaqlayır.
AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, YouGov kompaniyasının avqustun 12-17-də keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 66 faizi Liz Trassa səs vermək niyyətində olduğunu bildirib. Rişi Sunakın namizədliyini isə sorğuda iştirak edənlərin yalnız 34 faizi dəstəkləyib. Beləliklə, iki namizəd arasında fərq iki həftə əvvəlkinə nisbətən 4 faiz bəndi azalıb. Lakin Mühafizəkar partiyanın üzvləri arasında səsvermənin sentyabrın 2-də yekunlaşacağı nəzərə alınsa, opponentinə çatmaq vəzifəsi Sunak üçün daha çox mümkünsüz görünür. Respondentlərin 57 faizi bildirib ki, artıq öz bülletenlərini poçtla göndəriblər.
Sorğu, eyni zamanda göstərib ki, tori üzvləri arasında Boris Consonun istefa verməyə məcbur edilməsinə təəssüflənənlər hələ də çoxdur. Rəyi soruşulanların 55 faizi bunu səhv qərar adlandırıb, 40 faizi isə onunla razılaşdığını ifadə edib.
Seçkinin nəticələri sentyabrın 5-də açıqlanacaq. Qalib gələcəyi təqdirdə Liz Trass Böyük Britaniyanın üçüncü qadın hökumət başçısı, Rişi Sunak isə ölkənin ilk Hindistan əsilli baş naziri olacaq.

Dünya 2022-08-18 13:06:00