×
A
A
A
Sazlamalar

ÜST: Dünyanın 92 ölkəsində meymunçiçəyinə 35 min yoluxma halı aşkar edilib, 12 nəfər ölüb

Bakı, 18 avqust, AZƏRTAC

Dünyanın 92 ölkəsində meymunçiçəyi xəstəliyinə 35 min yoluxma halı aşkar edilib, 12 nəfər bu xəstəlikdən ölüb. Ötən həftə ərzində 7500 yeni xəstə qeydə alınıb ki, bu da əvvəlki həftədən 20 faiz çoxdur. Demək olar ki, bütün yoluxma halları Avropa və Amerika qitəsi ölkələrinə təsadüf edir. AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, indi ölkələrin xəstəliyin yayılmasına hazır olması və infeksiyanın ötürülməsini dayandıra bilməsi çox vacibdir. Bunun üçün yoluxma hallarının müşahidə edilməsi, xəstələrlə təmasda olan şəxslərin müəyyən edilməsi, eləcə də əhalinin maarifləndirilməsi sahəsində öz effektivliyini artıq sübut etmiş tədbirlərdən istifadə etmək lazımdır.
Peyvəndlər də mühüm rol oynaya bilər, lakin hazırda onlar kifayət qədər deyil. ÜST vaksin istehsalçıları, eləcə də ehtiyatlarını bölüşmək istəyən ölkələr və təşkilatlarla danışıqlar aparır.
“Biz narahatçılıq keçiririk ki, COVID-19 pandemiyası zamanı müşahidə etdiyimiz peyvənd paylanmasındakı qeyri-bərabərlik təkrarlana bilər, ən yoxsul əhali təbəqələri isə yenidən bu prosesdən kənarda qala bilər”, - deyə doktor Tedros Qebreyesus vurğulayıb. O, həmçinin xəstəliyin və patogeninin adının dəyişdirilməsi istiqamətində aparılan işlərin davam etdiyini xatırladıb.
Azərbaycanın tibb qurumlarının məlumatına görə, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınmayıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında ÜST Azərbaycana 3000 diaqnostik test gətirərək, onları Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təqdim edib.

Səhiyyə 2022-08-18 12:07:00